НОВОСТИ
15:30, 22.12.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı elmi ezamiyyətdə olmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Mehrac Abbasov Tunis Respublikasında ezamiyyətdə olmuşdur.
O, İCARDA və CİMMYT beynəlxalq təşkilatları tərəfindən Tunis şəhərində təşkil edilən “Genotipləşdirmə, sekvensləmə, genom verilənlərinin analizi və idarəedilməsi” adlı elmi seminarda iştirak etmişdir. Tədbirdə 14 ölkədən ümumilikdə 30 nəfər alim və mütəxəssis iştirak etmişdir.
Seminarda genom verilənlərinin təhlükəsiz saxlanılması və təhlili ilə bağlı müasir bioinformatik və biostatistik proqramlar haqda məruzələr dinlənilmiş, müxtəlif kənd təsərrüfatı bitkilərinin sekvens əsasında genotipləşdirilməsi üzrə əldə edilən nəticələrin müzakirəsi keçirilmişdir.
M.Abbasov öz növbəsində Azərbaycanda genom səviyyəsində aparılan tədqiqatlar barədə məruzə ilə çıxış etmiş, buğda, nar və üzüm bitkilərinin genom səviyyəsində tədqiqi üzrə əldə edilən nəticələri haqda iştirakçıları məlumatlandırmışdır.
Həmçinin tədbirdə müxtəlif ölkələrdən seçilmiş prioritet bitkilərin tədqiqatlarının davam etdirilməsi haqqında danışıqlar aparılmışdır.