Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutun (GEİ) direktoru Zeynal Əkpərov İtaliyanın Roma La Sapienza Universitetinin (SU) Anatomiya, histologiya, məhkəmə ekspertizası və ortopediya kafedrasının professoru Fabio Naronu qəbul etmişdir. Görüş zamanı sözügedən qurumlar arasında əməkdaşlıq əlaqələri və saziş bağlanması barədə razılığa gəlinmiş, gələcəkdə birgə qrant lahiyələrində iştirak, tələbə-müəllim mübadiləsi müzakirə edilmişdir.
Görüşdən sonra professor İnstitutun bir sıra şöbələri ilə tanış olmuş, GEİ, Tibb Univerisiteti və AMEA Fiziologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə “Pde5-in ürək hipertoniyasında rolu (Role of Pde5 in cardiac hypertrophy)” mözusunda seminarda məruzə ilə çıxış etmişdir. F.Naro tədbirdə fosfodiestiraza-5 inhibitorunun ürəyin hipertrofiyasında funksiyasının araşdırılması barədə məlumat vermişdir. Həmçinin o, bildirmişdir ki, rəhbərlik etdiyi qrup digər laboratoriyalarla birlikdə dişlərdən və əzələlərdən alınmış kök hüceyrələrindən istifadə imkanlarını öyrənir.
Qeyd edək ki, Fabio Naronun Azərbaycana səfəri SU-nun beynəlxalq qrantı çərçivəsində baş tutmuşdur. Səfərin əsas məqsədi SU ilə əməkdaşlığın inkişafı, yerli universitetlərin və elmi-tədqiqat institutlarının qrant proqramlarında iştirakı, həmçinin gələcək lahiyələrə aid aktual mövzuların müzakirələrinin aparılması olmuşdur.